"Ayaks" Rotterdamda ağır məğlubiyyətə uğradı

8 Aprel, 09:00 Sosial mediada paylaşın:
Niderland çempionatında 29-cu tura yekun vurulub. 
Çempionluq uğrunda mübarizədə PSV-nin ən yaxın izləyicisi “Feyenoord” “De Kuipp” stadionunda əzəli rəqibi “Ayaks”ı qəbul edib. İlk dövrədə Amsterdamda ölkənin ən titullu klubuna 4:0 hesabı ilə qalib gələn rotterdamlılar bu dəfə azarkeşlərini daha böyükhesablı qələbə ilə sevindirib.  Hərçənd oyunun əvvəlində Arne Slotun komandası kəskin hücumları ilə yadda qalsa da, fərqlənə bilməyib.  İlk hissənin sonlarına yaxın “Feyenoord”un futbolçuları 11 dəqiqə ərzində 3 qol vurub. Əvvəlcə 34-cü dəqiqədə İqor Payşao hesabı açıb. 1 dəqiqə sonra  Yakuba Minteh diqqət mərkəzinə düşüb. Fasilə ərəfəsində David Hançko qonaqları meydanın mərkəzinə dəvət edib. İkinci hissə də eyni ssenari ilə keçib. Bu dəfə rotterdamlılar hissənin əvvəlində 10 dəqiqəyə 3 qol vurub. 56-cı dəqiqədə Yakuba Minteh dublunu rəsmiləşdirib. 6 dəqiqə sonra Kuinten Timber komandasının 5-ci qolunu vurub. Oyunda hesabı açan Payşao 66-cı dəqiqədə matçda son nöqtəni qoyub.  Beləlilklə də  “Ayaks”ı 6:0 hesabı ilə darmadağın edən “Feyenoord” bu rəqibi üzərində ardıcıl 3-cü qələbəsini qazanıb. Bu qələbə sayəsində 2-ci yerdə qərarlaşan “Feyenoord”  xalını 69-a yüksəldib.  Hazırda rotterdamlılar lider PSV-dən 9 xal geridədir.  “Ayaks” isə 45 xalla 6-cı sıradadır.

CANLI YAYIM