"Anadolu Efes" İspaniyadan qələbə ilə qayıdıb

29 Mart, 13:00 Sosial mediada paylaşın:
Avroliqada 32-ci turun növbəti oyunları keçirilib. Pley-inə vəsiqə uğrunda mübarizə aparan “Anadolu Efes” səfərdə “Baskoniya” ilə qarşılaşıb. İlk period bərabər mübarizə şəraitində keçsə də, meydan sahibləri fasiləyə 6 xallıq üstünlüklə yollanıb. Fasilədən sonra İstanbul klubu oyunu tamamiləxeyrinə dəyişib. Xüsusilə 3-cü bölümdə “Efes” rəqibinə cəmi 8 xal toplamağa imkan verib. Son bölümdə basklar toparlansa da, məğlubiyyətdən qurtula bilməyiblər. Nəticədə, “Baskoniya”dan 97:76 hesabı ilə üstün olan “Anadolu Efes” mövsümdə 15-ci qələbəni qazanaraq pley-in zonasına yüksəlib. Hazırda qardaş ölkənin təmsilçisi 10-cu pillədə qərarlaşıb.
Mövsümü ikinci sırada başa vurmaq niyyətində olan “Barselona” isə səfərdə “Bayern”i 87:79 hesabı ilə məğlub edib. İspaniya klubunun heyətində 15 xal toplayan Cabari Parker qələbədə böyük rol oynayıb.
Günün ən prinsipial qarşılaşmasında isə “Olimpiakos” səfərdə “Partizan”a 74:69 hesabı ilə qalib gəlib. Hərçənd ilk 3 bölümdə belqradlılar daha üstün oyun göstəriblər. Amma son bölümə 13 xal fərqilə geridə başlayan pireylilər vəziyyəti xeyirlərinə dəyişiblər. Günün digər oyunlarında “Jalgiris” doğma meydanda  “Olimpiya Milano”nu 87:73, “Monako” isə səfərdə “Lion Villerban”ı 87:77 hesabı ilə məğlub edib. 

CANLI YAYIM