Avroliqada 29-cu tura start verildi

13 Mart, 11:15 Sosial mediada paylaşın:
Avroliqada 29-cutura start verilib. Ötən tur çempionatın lideri “Real Madrid”i səfərdə məğlub edən “Fənərbağça” bu dəfə daha bir İspaniya komandasından üstün olub. İstanbulda “Valensiya” ilə qarşılaşan komanda  ilk hissədə inamlı çıxışı ilə yadda qalıb. Fasiləyə 20 xallıq üstünlüklə yollanan qardaş ölkənin təmsilçisi 3-cü və 4-cü bölümlərdə də oyuna nəzarəti əlində saxlayıb. Xüsusən də 28 xal toplayan Tayler Dorsi rəqibə çətin anlar yaşadıb. Nəticədə “Valensiya”dan 118:88 hesabı ilə üstün olan “Fənərbağça” bütün turnirlər daxil olmaqla ardıcıl 9-cu qələbəsini qazanıb.
Afina derbisində isə azarkeşlər daha maraqlı mübarizənin şahidi olub. Doğma meydanda “Panatinaikos”la qarşılaşan “Olimpiakos” ilk bölümdə imlanlarından aşağı səviyyədə çıxış etsə də, fasiləyə qədər hesabı bərabərləşdirib – 33:33. İkinci hissədə təzyiqi artıran pireylilər vəziyyəti xeyrinə dəyişib. Nəticədə “Panatinaikos”u 71:65 hesabı ilə məğlub edən “Olimpiakos” bütün turnirləri nəzərə alsaq, ardıcıl 14-cü dəfə meydanı qələbə ilə tərk edib. 
Lider “Real Madrid”in ən yaxın izləyicisi “Barselona” isə “Palau Blauqrana”da “Partizan”a 94:76 hesabı ilə qalib gəlib. “Makkabi Təl-Əviv” səfərdə “Srvena Zvezda”dan 84:80 hesabı ilə üstün olub. “Monako” da Berlində “Alba”nı 90:82 hesabı ilə məğlubiyyətə uğradıb. “Baskoniya” – “Olimpiya Milano” oyunu isə 88:73 hesabı ilə yekunlaşıb.

CANLI YAYIM