UEFA Çempionlar Liqasında 1/4 finala çıxan ilk komandalar müəyyənləşib.
İtaliyada “Latsio”ya minimal hesabla uduzan “Bayern Münxen” rəqibiylə Almaniyada üz-üzə gəlib. Meydan sahibləri oyuna gözlənildiyi kimi güclü hücumlarla başlayıblar. Onlar 38-ci dəqiqədə hesabı açmağa nail olublar. Harri Keyn görüşdə ilk qolun müəllifi olub. Fasilə ərəfəsində fərq artıb. Mateys De Liqtin zərbəsi qarşısıalınmaz olub. “Latsio” 2-ci yarıda vəziyyəti xeyrinə dəyişə bilməyib. 66-cı dəqiqədə Harri Keyn dubl edərək mübarizəyə nöqtə qoyub. Beləliklə “Bayern Münxen” 3 cavabsız qolla qalib gələrək 2 oyunun nəticəsinə əsasən 3:1 hesablı qələbə qazanıb. Bununla Tomas Tuxelin komandası 1/4 finala çıxıb.
Fransada keçirilən ilk oyunda “Pari Sen Jermen”ə 0:2 hesabilə uduzan “Real Sosyedad” İspaniyada da rəqibiylə bacarmaylb. 15-ci dəqiqədə Kilyan Mbappe hesabı açıb. İlk hissə Paris klubunun minimal üstünlüyü ilə bitib. Fasilədən sonra Mbappe özünün və komandasının 2-ci qolunu vurub. “Real Sosyedad” vaxtın bitməsinə 1 dəqiqə qalmış fərqi minimuma endirib. Mikel Merino yekun nəticəni müəyyənləşdirib: “Real Sosyedad” – “Pari Sen Jermen” 1:2. Luis Enrikenin komandası ümumi hesabda 4:1 hesabilə qalib gələrək 1/4 finala vəsiqəni təmin edib.