İngiltərə çempionatının 22-ci turunda “Liverpul” “Çelsi”ni qəbul edib. 23-cü dəqiqədə meydan sahibləri hesabı açıblar.
Dieqo Jota diqqət mərkəzinə düşüb. Fasilə ərəfəsində Konor Bredli fərqi artırıb. Hissəyə əlavə olunan vaxtda qonaqların qapısına penalti təyin olunub. Lakin Darvin Nunyez hədəfdən yayınıb. 2-ci yarı da “Liverpul” futbolçularının üstünlüyü ilə davam edib. 65-ci dəqiqədə Dominik Soboslay 3-cü topu “Çelsi”nin qapısından keçirib. 6 dəqiqə sonra London klubu hesab arasındakı fərqi azaldıb. Kristofer Nkunku fərqlənib. Oyunda son nöqtəni isə Luis Diaz qoyub: “Liverpul” – “Çelsi” 4-1. İnamlı qələbə sayəsində xallarının sayını 51-ə çatdıran “Liverpul” liderdir. Mersisaydlılar ən yaxın izləyicisi “Mançester Siti”ni 5 xal qabaqlayır. Ardıcıl 3 qələbədon sonra məğlub olan “Çelsi” 31 xalla 10-cudur.