İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
“Çelsi” doğma arenada “Midlsbro” ilə üz-üzə gəlib. İlk oyunda minimal hesabla uduzan London klubu azarkeşləri önündə rəqibini tar-mar edib. Meydan sahibləri elə ilk hissədə görüşün taleyini həll ediblər. 15-ci dəqiqədə “Midlsbro”nun futbolçusu Conatan Housonun avtoqolu ilə hesab açılıb. Ardınca Entso Fernandes, Aksel Disasi və Koul Palmer fərqlənib. Beləliklə 1-ci hissə “Çelsi”nin 4:0 hesablı qələbəsi ilə bitib. Fasilədən sonra Koul Palmer daha 1 qol vurub. Noni Madueke də qapını dəqiq nişan alıb. “Midlsbro”nun heyətində təsəli qolunu isə Morqan Rodjers vurub. Beləliklə cavab oyununda 6:1 hesablı qələbə qazanan “Çelsi” turnirin finalına vəsiqə əldə edib. Həlledici görüşdə London klubunun rəqibi “Liverpul” – “Fulhem” cütünün ən güclüsü olacaq. Xatırladaq ki, “Liverpul” ilk oyunda doğma arenada 2:1 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, əgər “Liverpul” üstünlüyünü qoruyub finala çıxarsa, 2 il əvvəlki görüş təkrarlanacaq. Xatırladaq ki, “Çelsi” 2 il əvvəl də bu turnirin finalında “Liverpul”la üz-üzə gəlib və penaltilər seriyasında uduzmuşdu. Əlavə edək ki, “zadəganlar” indiyə kimi 5 dəfə İngiltərə Liqa Kubokunda fəxri mükafata sahib olub. Bu göstəricədə rekord 9 titulla “Liverpul”a aiddir.