Türkiyə Super Liqasının 21-ci turunda yarış cədvəlinə başçılıq edən "Fənərbağça" "Samsunspor"la üz-üzə gəlib. 12-ci dəqiqədə hesab açılıb. Meydan sahiblərindən İrfan Can Kahveçi fərqlənib. İlk hissəni minimal üstünlüklə başa vuran “Fənərbağça” futbolçuları fasilədən sonra sərfəli nəticəni qoruya bilməyiblər. 62-ci dəqiqədə qonaqların üzvü Əmrə Kılıc bərabərlik qolunu vurub. Qalan vaxt hesab dəyişməyib: “Fənərbağça” – “Samsunspor” 1:1
Daha bir maraqla gözlənilən qarşılaşmada “Qalatasaray” səfərdə "Trabzonspor" la görüşüb. Matçda ilk qol 13-cü dəqiqəyə təsadüf edib. Qonaqlardan Vilfrid Zaha fərqlənib. İkinci yarıda Qalatasaray futbolçuları hücumlarını gücləndiriblər. Bunun nəticəsi kimi 61-ci dəqiqədə Zaha dubl edib. 3 dəqiqə sonra isə Kaan Ayhan rəqib qapısına yol tapıb. 79-cu dəqiqədə meydan sahiblərindən Enis Destan buraxılan toplardan birinin əvəzini çıxıb. Lakin bir dəqiqə sonra İstanbul nəhəngi daha bir qol vurmağa müvəffəq olub. Kərəm Aktürkoğlu diqqət mərkəzinə düşüb. "Sarı-qırmızılılar" bununla da kifayətlənməyib. 2-ci hissəyə əlavə olunan vaxtda Aktürkoğlu matçda yekun nəticəni müəyyənləşdirib: “Trabzonspor” – “Qalatasaray” 1:5.
Qeyd edək ki, hərəyə 54xalı olan əzəli rəqiblər “Fənrəbağça” və “Qalatasaray” hazırda 1-2-ci yerləri bölüşürlər. 37 xalı olan “Trabzonspor” isə üçüncüdür.