"Anadolu Efes" "Barselona"ya qalib gəldi

19 Yanvar, 12:15 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 22-ci tura start verilib. Mövsümə pis başlasa da, son vaxtlar yüksəlişdə olan “Anadolu Efes” İstanbulda liderlər qrupunda qərarlaşan “Barselona”nı qəbul edib.  İlk hissə bərabər mübarizə şəraitində keçsə də, fasilədən sonra Erdem Canın komandası təşəbbüsü ələ alıb.  Xüsusən də oyunu 21 xalla başa vuran Rodrik Bebua kataloniyalılara çətin anlar yaşadıb. Nəticədə “Barselona”nı 98:74 hesabı ilə məğlub edən “Anadolu Efes” çempionatda 9-cu qələbəni qazanıb. 
“Barsa”nın məğlubiyyətindən “Virtus Bolonya” lazımınca yararlanıb. İtaliya klubu doğma meydanda autsayderlərdən “Lion Villerban”a 73:63 hesabı ilə qalib gələrək İspaniya komandası ilə göstəricilərini bərabərləşdirib. Hərçənd bolonyalılar bu görüşdə məğlub da ola bilərdi. Son bölüm ərəfəsində 9 xal fərqilə geridə olan “Virtus” məhsuldarlığı ilə oyunun nəticəsini xeyrinə dəyişib.
Pley-off uğrunda mübarizə aparan “Olimpiakos” Yunanıstanda “Makkabi” Tel-Əvivə aman verməyib.  Artıq ilk bölümdən meydanda diqtə edən pireylilər matçın sonuna qədər nəzarəti əllərində saxlayıblar. Nəticədə “Makkabi”dən 89:72 hesabı ilə üstün olan “Olimpiakos” rəqibi üzərində ardıcıl 4-cü qələbəsini qazanıb.  Digər iki oyunda qonaqlar daha uğurlu çıxış ediblər. Almaniya derbisində “Bayern” “Alba Berlin”i 82:65 hesabı ilə məğlub edib. “Baskoniya” isə Belqradda dramatik keçən oyunda “Srvena Zvezda”ya 91:90 hesabı ilə qalib gəlib.

CANLI YAYIM