MBA-da müntəzəm çempionatın oyunları davam edir

13 Dekabr, 11:30 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında Şərq konfransının lideri “Boston Seltiks” “TD Garden”də “Klivlend Kavalyers”i qəbul edib. İlk bölümdə rəqibinin ciddi müqaviməti ilə üzləşən meydan sahibləri fasilədən sonra üstünlüyü ələ alıblar. Xüsusən də 25 xal toplayan Jeylen Braunun məhsuldarlığı komandanın işinə yarayıb. Nəticədə “Klivlend”i 120:113 hesabı ilə məğlub edən “Boston” son 6 oyunda 5-ci qələbəni qazanıb.
Mövsümdaxili turnirin qalibi olan “Los Anceles Leykers” isə səfərdə “Dallas Maveriks”lə bacarmayıb. Artıq ilk dəqiqələrdən Luka Donçiçin qarşısını ala bilməyən kaliforniyalılar oyunun 3-cü bölümündə fəallıq nümayiş etdirsə də, sonda uduzublar: Dallas – Leykers 127:125.  “Los Anceles” klubunun heyətində Entoni Devis 37 xal toplayaraq oyunun ən məhsuldar basketbolçusu olub.
Nikola Yokiç isə “Çikaqo Bullz”la səfər matçında hazırkı çempion “Denver Naqqets”i çətin vəziyyətdə qoyub. Serbiyalı basketbolçu ikinci bölümün sonuna  yaxın hakimlərlə mübaisə etdiyinə görə texniki folla cəzalanaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, “Naqqets” matçın əvvəlində qazandığı üstünlüyü əldən verməyib. Yekunda “Çikaqo”nu 114:106 hesabı ilə məğlub edən “Denver” bu rəqibi üzərində ardıcıl 3-cü qələbəni qazanıb.

CANLI YAYIM