Almaniya millisi tarixi uğura imza atdı

11 Sentyabr, 15:42 Sosial mediada paylaşın:
Basketbol üzrə dünya çempionatına yekun vurulub. Filippinin Pasay şəhərində keçirilən final görüşündə Almaniya ilə Serbiya milliləri qarşılaşıb.  Tarixində ilk dəfə mundialın həlledici matçında oynamaq imkanı qazanan bundestim növbəti dəfə basketbol həvəskarlarını təəccübləndirib. İlk bölümdə balkanlıların təzyiqi ilə üz-üzə qalan Qordon Herbertin komandası fasiləyə qədər vəziyyəti bərabərləşdirib. İkinci hissə isə bundestimin aşkar üstünlüyü şəraitində keçib. Xüsusən də 3-cü bölümdə Almaniya millisi müdafiədə inamlı çıxışı ilə diqqət çəkib. Oyunun sonlarında Svetislav Peşiçin komandası hesab arasında fərqi azaltmağa cəhd etsə də, istəyinə nail olmayıb. Beləliklə də, Serbiya seçməsini 83:77 hesabı ilə məğlub edən Almaniya millisi tarixində ilk dəfə basketbol üzrə dünya çempionu olub. Final görüşündə 28 xal toplayan almanların kapitanı Dennis Şröder isə turnirin ən dəyərli basketbolçusu seçilib. Serbiya basketbolçuları isə 9 ildən sonra növbəti dəfə mundialın finalda uğursuzluqla üzləşib.
Çempionatın favoritlərindən olan Amerika Birləşmiş Ştatları yığması isə turniri medalsız tərk edib. Kanada basketbolçuları ilə görüşdə Stiv Kerrin komandası son bölümə qədər inamsız təsir bağışlasa da, əsas vaxtda məğlubiyyətdən xilas ola bilib. Amma overtayma cəmi 7 xal toplayan 5 qat dünya çempionu uğursuzluqla üzləşib. Nəticədə Amerika Birləşmiş ştatları yığmasını 127:118 hesabı ilə məğlub edən Kanada seçməsi bürünc medal qazanmaqla dünya çempionatları tarixində ən yaxşı nəticəsinə imza atıb.  Xatırladaq ki, növbəti mundial 2027-ci ildə Qətərdə keçiriləcək.

CANLI YAYIM