Bakıda Şahmat üzrə Dünya Kubokunun bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himni və FIDE-nin rəsmi himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra yarışa həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxış edən Gənclər və idman naziri Fərid Qayıbova Dünya Kubokunun yüksək səviyyədə təşkil olunduğunu bildirib. Nicat Abasovun öz nəticələri ilə azarkeşlərimizi sevindirdiyini vurğulayan Fərid Qayıbov yarışa böyük maraq olduğunu əlavə edib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Mötəbər turnirin unudulmaz mübarizə ilə yadda qaldığını bildirib. Yarışa böyük tamaşaçı marağının olduğunu deyən federasiya prezidenti şahmatın inkişafı üçün bu cür turnirlərin əhəmiyyətini qeyd edib. Federasiya rəhbəri Dünya Kubokunfa fərqlənən şahmatçıları təbrik edib, İddiaçılar Turnirində çıxış edəcək qrossmeysterlərə uğurlar arzulayıb. FIDE prezidenti Arkadi Dvorkoviç Bakının yarışa ev sahibliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, Dünya Kubokunun Bakıda keçirilməsi gələcəkdə ölkədə şahmatın daha da inkişafına təkan verəcək. Daha sonra qaliblərə mükafatlar təqdim olunub. Amerika Birləşmiş Ştatları təmsilçisi Fabiano Karuanaya bürünc, hindistanlı Rameşbabu Praqqnanandxa gümüş, norveçli Maqnus Karlsenə isə qızıl medal və Dünya Kuboku verilib. Dördüncü yeri tutan Nicat Abasov isə xüsusi mükafata layiq görülüb.