Bu gün Avropa Liqasının yarımfinalının ilk oyunları keçiriləcək

11 May, 14:25 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilir. “Yuventus” Turində “Sevilya”  ilə üz-üzə gələcək. Hər iki klub Çempionlar liqasında 3-cü yeri tutaraq mübarizəni Avropa Liqasında davam etdirib. İtaliya klubunun heyətində əsas itki Bremerin yoxluğu ilə bağlıdır.  “Sevilya” isə Papa Qeye və Susonun xidmətindən yararlana  bilməyəcək. “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri mətbuat konfransındakı çıxışı zamanı rəqibin gücünə yaxşı bələd olduqlarını, bununla belə “Sevilya”nın zəif cəhətlərini yaxşı təhlil etdiklərini bildirib. İspaniya təmsilçisinin çalışdırıcısı Xose Luis Medilibar isə səfərdə qazanılacaq qələbənin mərhələnin taleyini böyük ölçüdə həll edəcəyini deyib. Bu qarşılaşmanı almaniyalı Daniel Tsibertin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Konfrans Liqasının hazırkı çempionu “Roma”  isə doğma meydanda “Bayer Leverkuzen”i qəbul edəcək. Bu görüş eyni zamanda Joze Mourinyonun keçmiş futbolçusu Xabi  Alonsoya qarşı mübarizəsi kimi də xarakterizə olunur. “Roma”nın heyətində Dieqo Lyorente zədə səbəbindən meydanda olmayacaq. Bayerdə isə Karim Belarabi və Patrik Şik “Roma”ya qarşı ilk oyunda mübarizə aparmayacaq.  Joze Mourinyo jurnalistlərə açıqlaması zamanı mərhələnin taleyini ilk oyundaca həll etmək istədiklərini vurğulayıb. Onun ispaniyalı həmkarı Xabi Alonso isə görüşə yaxşı hazırlaşdıqlarını və komandasına güvəndiyini söyləyib. Görüşün Maykl Oliverin başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, hər iki oyun Bakı vaxtilə saat 23:00-da başlanacaq.

CANLI YAYIM