Azərbaycan millisinin 2 boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Yığma üzvlərindən Alfonso Dominqes və Məhəmməd Abdullayev 1/4 final döyüşünü qələbə ilə başa vurub. Dominqes yarımfinala gedən yolda özbəkistanlı Şoxcahon Abdullayevlə döyüşüb. Dünya çempionumuz 5:2 hesablı qələbə sayəsində ardıcıl ikinci dəfə mundialın yarımfinalına yüksəlib. Alfonso növbəti görüşündə gürcüstanı təmsil edən Georgi Kuşitaşvili ilə üz-üzə gələcək. Daha bir boksçumuz Məhəmməd Abdullayev də yarımfinal mərhələsinə yüksəlib. 1/4 finalda gürcüstanlı Nikoloz Beqadze ilə qarşılaşan dünya çempionatının mükafatçısı 5:0 hesabı ilə qalib gəlib. Abdullayev də ardıcıl ikinci dəfə mundialın yarımfinalında iştirak hüququ əldə edib. Məhəmməd bu mərhələdə kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək. Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə, millimizin ümumi medal hesabına ən azı bürünc medalı təmin ediblər. Yarımfinal döyüşləri mayın 12-də olacaq. Qeyd edək ki, Dünya çempionatı İdman TV ilə canlı yayımlanır.