"Sabah" ardıcıl 3-cü dəfə "Neftçi"ni məğlub etdi

27 Yanvar, 15:10 Sosial mediada paylaşın:
Azərbaycan çempionatında 19-cu turun “Şamaxı” – “Səbail” oyunu olub. 33-cü dəqiqədə hesab açılıb. Qonaqlardan Qoba Zakpa komandasını önə çıxarıb. Fasiləyə kimi başqa qol olmayıb. 2-ci yarıda meydan sahibləri dönüş etməyə nail olublar. 57-ci dəqiqədə Emil Qasımov tarazlığı bərpa edib. Görüşün taleyini həll edən qol vaxtın tamamında vurulub. “Şamaxı” futbolçularından Amil Yunanov penaltini dəqiq yerinə yetirərək son nöqtəni qoyub: “Şamaxı” – “Səbail” 2:1. 4 oyundan sonra qələbə qazanan Vüqar Əsgərlinin komandası hazırda 16 xalla 7-cidir. Ardıcıl 8-ci qarşılaşmada uduzan “Səbail” isə 10 xalla sonuncu – 10-cu yerdədir.
19-cu turun mərkəzi qarşılaşması isə Masazırda keçirilib. Burada turnir cədvəlində liderin ən yaxın rəqibi “Sabah” ilk üçlüyü tamamlayan “Neftçi” ilə üz-üzə gəlib. Mövsüm ərzində 3-cü dəfə qarşılaşan bu komandaların duelində yenə də “Sabah” qalib gəlib. Qarşılaşmada vurulan qollar ilk hissəyə təsadüf edib. 7-ci dəqiqədə Coy Lans Mikels penaltidən yararlanaraq komandasını irəli çıxarıb. 37-ci dəqiqədə isə Aleksey Kaşukun zərbəsi qarşısıalınmaz olub. “Sabah” – “Neftçi” 2:0. Bununla da, “Sabah” turnir cədvəlində xallarının sayını 46-ya çatdırıb. “Neftçi” isə 38 xalla əvvəlki kimi üçüncüdür.  

CANLI YAYIM