"Sumqayıt" Antalyada hazırlığı davam etdirir

11 Yanvar, 11:20 Sosial mediada paylaşın:
Qış fasiləsi ərəfəsində ölkə xaricinə yollanan futbol komandalarımız təlim-məşq toplanışını davam etdirir.
Antalyanın Belek bölgəsində məskunlaşan “Sumqayıt” klubu baş məşqçi Samir Abasovun rəhbərliyi altında artıq 5-ci gündür hazırlıq keçir. Hər gün ümumilikdə 2 təlim məşğələsində toplanan kollektivə təxmini 3 yeni futbolçunun qoşulacağı da gözlənilir. Xatırladaq ki, bundan əvvəl Vüqar Bəybalayev, Xəzər Mahmudov, Rifat Nurmuqamet, Damian Daniçiç və Almir Aqaspahiçlə yollar ayrılmışdı. Əvəzində ötən ilin sonunda “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib. Komanda Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş Terrens Tisdellə i 2 illik müqavilə imzalayıb. Qeyd edək ki, yanvarın 18-dək Antalyada davam edəcək təlim-məşq toplanışı ərəfəsində “Sumqayıt” 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Yanvarın 12-də təmsilçimiz Macarıstanın “Mezyököveşt-Şori” kollektivi ilə üz-üzə gələcək. Toplanışın sonuncu günündə də Samir Abasovun komandası meydana çıxacaq. Lakin hələlik ikinci rəqibin adı məlum deyil.

CANLI YAYIM