Avroliqada 9-cu turun oyunları başa çatıb

24 Noyabr, 17:11 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 9-cu tura yekun vurulub. Bu mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən “Panatinaikos” Afinada “Virtus Bolonya”nı qəbul edib. İlk hissə qonaqların üstünlüyü şəraitində keçib. Fasilədən sonra meydan sahibləri təşəbbüsü ələ alıb hesabda önə keçsə də, son 12 dəqiqəlik hissədə italyanlar yenə də fəallaşıb. Qalib isə overtaymda müəyyənləşib. Gecəni 26 xal və 8 ribaundla başa vuran Derrik Uilyamsın fəal oyunu sayəsində Yunanıstan təmsilçisi bu mövsüm 3-cü qələvbəsini qazanıb: Panatinaikos – Virtus Bolonya 88:85.
“Baskoniya” da doğma divarlar arasında azarkeşlərini sevindirib. Amma “Panatinaikos”la müqayisədə İspaniya təmsilçisi çətinliklə üzləməyib. Doğrudur, “Jalgiris”lə oyunun ilk hissəsində “Baskoniya” rəqibi üzərində üstünlük əldə edə bilməyib. Amma hərəyə 19 xal toplayan Darius Tompsonla Mett Kostellonun fasilədən sonra fəal oyunu sayəsində “Baskoniya” “Jalgiris”i 93:73 hesabı ilə məğlub edib. Günün digər oyununda isə qonaqlar qalib gəlib. Səfərdə Fransanın ASVEL klubunun qonağı olan “Bavariya” ilk hissədə daha yaxşı oynasa da, fasilədən sonra rəqibinin ciddi təzyiqi ilə üzləşib. Buna baxmayaraq, münhenlilər meydanı qələbə ilə tərk edib: ASVEL  - Bavariya 74:75.

CANLI YAYIM