Argentina millisi uduzdu, Polşa yığması heç-heçə etdi

23 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Dünya çempionatının sensasiyası C qrupunda – Argentina–Səudiyyə Ərəbistanı görüşündə reallaşıb. Hərçənd ki, mundialın əsas favoriti olan argentinalılar oyuna yaxşı başlayıblar və 10-cu dəqiqədə hesabı açıblar. Lionel Messi penaltini dəqiq yerinə yetirib. Fasiləyə minimla hesablı üstünlüklə yollanan cənubi amerikalılar, 2-ci hissənin əvvəlində 5 dəqiqə ərzində qapılarında 2  top görüblər. Əvvvəlcə Saleh Əl Şehri tarazlığı bərpa edib. Az sonra Salem Əl Davsari argentinalıları 2-ci dəfə məyus edib. Qalan vaxt ərzində cənibi amerikalıların çox saylı hücümları bir nəticə verməyib. Beləliklə Səudiyyə Ərəbistanı millisi tarixi qələbə qazanıb. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanında bu uğura görə noyabrın 23-ü, yəni bu gün milli bayram elan edilib. Bütün dövlət və özəl sektorlar, eləcə də ali və orta məktəblərdə istirahət günü elan edilib. Argentina millisi isə 3 ildən sonra uduzub. Sonuncu dəfə 2019-cu ildə Braziliya yığması ilə bacarmayan argentinalılar 36 matçdan sonra məğlub olublar. Bununla da, onlar37 görüşdə uduzmayaraq rekord müəyyənləşdriən italiyalıların nəticəsini təkrarlamaq fürsətini əldən veriblər.
Qrupun digər oyununda Polşa və Meksika millilləri üz-üzə gəlib. Görüşdə tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb. Hərçənd ki, polşalıların qalib gəlmək üçün əla fürsəti olub. Amma komandanın əsas qol silahı Robert Levandovski penaltidən yararlana bilməyib. Qeyd edək ki, mundialda 4-cü oyununu keçirən polşalı forvard hələ turnirdə qol vura bilməyib. Levandovski 4 il əvvəl Rusiyada keçirilən dünya çempionatında 3 oyun keçirsə də fərqlənə bilməmişdi. Qeyd edək ki, növbəti turda Polşa – Səudiyyə Ərəbistanı və Argentina – Meksika oyunları olacaq.

CANLI YAYIM