"Real" tarixində 5-ci dəfə UEFA Superkubokuna sahib çıxıb

11 Avqust, 15:19 Sosial mediada paylaşın:
UEFA Super Kuboku uğrunda qitənin ən güclüsünü müəyyənləşdirəcək qarşılaşma keçirilib.
Çempionlar Liqasının qalibi “Real” Madrid və Avroliqanın çempionu “Ayntraxt” Frankfurt komandaları Finlandiyanın Helsinki Olimpiya Stadionunda üz-üzə gəliblər. Matça gözlənildiyi kimi “kral” klubu daha fəal başlayıb. Karlo Ançelottinin yetirmələri 37-ci dəqiqədə hesabı açıblar. David Alaba qapını yaxın məsafədən dəqiq nişan alıb. Təşəbbüsü əldən verməyən Madrid klubu fasilədən sonra da rəqibi növbəti dəfə mərkəzə dəvət edib. 65-ci dəqiqədə Kərim Benzema qüvvətli zərbə ilə topu qapıdan keçirib. “Ayntraxt” futbolçuları fərqi azaltmağa cəhd göstərsələr də səyləri nəticəsiz qalıb: “Real” Madrid – “Aytraxt” Frankfurt 2:0. Beləliklə, tarixində 5-ci dəfə Superkuboku qazanan "Real Madrid" bu göstəricidə İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarına çatıb. Hazırda bu 3 komanda titula ən çox sahib çıxan kollektivlərdir.

CANLI YAYIM