İsveçrə millisi dünya çempionatlarında qələbələrini sıralayır

23 May, 17:28 Sosial mediada paylaşın:
Finlandiyada keçirilən xokkey üzrə dünya çempionatında qrup mərhələsi yekunlaşmaq üzrədir. 6-cı turda A qrupunda keçirilən oyunda İsveçrə millisi növbəti dəfə azarkeşlərini sevindirib. Keçirdiyi bütün görüşlərdə qalib gələn isveçrəlilər bu dəfə Fransa yığmasına çətin anlar yaşadıb. Hərçənd ilk periodda 2 dəfə fərqlənən fransızlar oyuna daha yaxşı başlayıb. Sonrakı iki hissədə toparlanan qrupun lideri ardıcıl 5 qolla vəziyyəti öz xeyrinə dəyişə bilib: İsveçrə - Fransa 5:2. Son oyunlarda məhsuldarlığı ilə seçilən Qazaxıstan seçməsi qrupun liderlərindən olan Almaniya millisinə çətin anlar yaşatsa da, bundestim sonda rəqibini 5:4 hesabı ilə məğlub edib. Bu qrupa 18 xalla İsveçrə millisi başçılıq edir. 15 xal toplayan Almaniya yığması 2-ci yerdədir. Xatırladaq ki, hər iki komanda artıq pley-offa vəsiqəni təmin edib.
B qrupunda Finlandiya millisi ilə yanaşı ¼ finala vəsiqəni təmin edən İsveç seçməsi bu tur Skandinaviya derbisində Norveç komandası ilə qarşılaşıb. Artıq ilk periodda rəqibinin qapısından 4 cavabsız şayba keçirən “Tre Krunnur” sonrakı hissələrdə daha 3 qol vuraraq meydanı böyükhesablı qələbə ilə tərk edib: İsveç – Norveç 7:1. Pley-offa vəsiqə uğrunda mübarizə aparan Latviya millisi isə Böyük Britaniya yığmasını 4:3 hesabı ilə məğlub edib. Bu qrupa 16 xalla Finlandiya komandası başçılıq edir. İsveç seçməsi isə 15 xalla 2-ci pillədədir.

CANLI YAYIM