"Everton" Premyer Liqada mövqeyini qoruyub

20 May, 16:12 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasının 33-cü turundan təxirə salınan qarşılaşma keçirilib. Liverpul şəhərində “Everton” “Kristal Pelas” ilə üz-üzə gəlib. İlk hissədə qonaq komanda fəallığı ilə diqqət çəkib. 21-ci dəqiqədə hesab açılıb. Jan-Filip Metata tarazlığı pozub. 36-cı dəqiqədə fərq iki topa yüksəlib. Cordan Ayyu yerli azarkeşləri məyus edib. Uğursuzluğa baxmayaraq meydan sahibləri ikinci hissədə geri dönüş etməyə nail olublar. Tam təşəbbüsə yiyələnən “Everton” futbolçuları əvvəlcə 54-cü dəqiqədə rəqib qapısına yol tapıblar. Maykl Kin fərqi azaldıb. 75-ci dəqiqədə Rişarlison komandasını ümidləndirib - 2:2. Qarşılaşmanın sonuna yaxın Daniel Kalvert-Lyuin mübarizəyə nöqtə qoyub: “Everton” – “Kristal Pelas” 3:2. Bu qələbə ilə "Everton" Premyer Liqada yerini qoruyub. 
“Aston Villa” – “Börnli” matçlarında isə qalib müəyyənləşməyib. Bu qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənməklə diqqət çəkiblər. Meydan sahiblərindən Emiliano Buendia, qonaqlardan isə Eşli Barns rəqib qapısına yol tapıblar. 1:1.
“Çelsi” – “Lester Siti” oyunu da eyni senari ilə başa çatıb. Qarşılaşmada vurulan qollar ilk hissəyə təsadüf edib. 6-cı dəqiqədə Ceyms Medisson qonaqları irəli keçirsə də, təşəbbüsü ələ alan “zadəganlar” 34-cü dəqiqədə Markos Alonsonun qolu ilə məğlubiyyətdən xilas olublar.

CANLI YAYIM