Xokkey üzrə dünya çempionatında ilk sensasiya qeydə alındı

18 May, 17:13 Sosial mediada paylaşın:
Finlandiyada xokkey üzrə dünya çempionatında 3-cü turun oyunları yekunlaşıb. A qrupunda keçirilən oyunda liderlərdən olan İsveçrə millisi ardıcıl 3-cü qələbəsini qazanıb.  Hərçənd, mərkəzi avropalılar çempionatın autsayderlərindən olan Qazaxıstan yığması ilə oyunda çətinliklə üzləşib.  Gərgin keçən matçda   İsveçrə millisinin 3-2 hesablı qələbəsi qeudə alınıb.
Qrupun digər oyununda Danimarka yığması İtaliya millisini  2:1 hesabı ilə məğlub edib. 3 turdan sonra A qrupuna hərəyə 9 xal toplayan Kanada və İsveçrə milliləri başçılıq edir.    
B qrupunda isə Çexiya komandası ardıcıl 2-ci məğlubiyyəti ilə üzləşib. Çexlərin ötən tur İsveç millisinə məğlubiyyətini gözləmək olardısa, bu dəfə şərqi avropalılar autsayderlərdən olan Avstriya seçməsinə uduzub. Hesabı Çexiya komandası açsa da, görüşün sonuna 38 saniyə qalmış avstriyalılar bərabərliyi təmin ediblər.
Bullitlərdə daha dəqiq oynayan Avstriya xokkeyçiləri çempionatda ilk böyük sensasiyanı reallaşdırıb. Çexiya – Avstriya 1:2. Qrupun digər oyununda İsveç millisi Böyük Britaniya yığmasını 6:0 hesabıyla darmadağın edib. Bu qələbə ilə “Tre Krunnur” 9 xalla qrupun lideri Finlandiya seçməsinə zirvədə şərik olub.

CANLI YAYIM