"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub etdi

13 May, 11:15 Sosial mediada paylaşın:
Azərbaycan çempionatında 16-cı turdan təxirə salınan 1 qarşılaşma keçirilib.
Ötən tur çempionluğunu rəsmiləşdirən “Qarabağ” son vaxtlar işləri heç də yaxşı getməyən “Sumqayıt”la üz-üzə gəlib. Ağdam futbolçuları matçın taleyini elə ilk hissədə həll ediblər. Artıq 4-cü dəqiqədə hesab açılıb. Filip Ozobiç önünə düşən topu birbaşa qapıya vurub. Çox keçmədən fərq artıb. Patrik Andrade “Gənclik şəhəri” təmsilçisini ikinci dəfə mərkəzə dəvət edib. Yarım saatın tamamında Qurban Qurbanovun yetirmələri daha bir qol vurublar. Kadi Yuri Borxes qapını dəqiq nişan alıb. Bu qoldan 49 saniyə sonra İbrahima Vadci hesabı 4:0-a çatdırıb. Fasilədən sonra da təşəbbüsü əldən verməyən “köhlən atlar” daha bir qol vurublar. Kadi Yuri Borxes dubl edərək mübarizəyə nöqtə qoyub - 5:0.
Qeyd edək ki, “Sumqayıt”la qarşılaşmada fərqlənən “Qarabağ”ın 3 futbolçusu – Filip Ozobiç, Kadi Yuri Borxes və İbrahima Vadci Azərbaycan çempionatının bombardirlər yarışında 11 qolla zirvəyə yüksəliblər. Bununla da, məhsuldar futbolçular cədvəlində 5 hakimiyyətlilik yaranıb. Ağdam klubunun üzvlərindən başqa “Sabah”ın oyunçusu Coy-Lans Mikelsin, habelə “Zirə”nin hücumçusu Davit Volkovun da aktivində 11 qol var.
 

CANLI YAYIM