Bu gün futzal üzrə Avropa çempionatı start götürür

19 Yanvar, 13:31 Sosial mediada paylaşın:
Bu gün Avropa çempionatının final mərhələsinə start veriləcək.
Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaq. Oyun saat 20:30-da start götürəcək. Turnirin rəsmi açılışı isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu matç isə 23:30-da başlanacaq. Hər iki qarşılaşma Amsterdamdakı Ziggo Dome arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderland Krallığının iki şəhərində - Amsterdamda və Qroningendə təşkil olunacaq. Sayca 6-cı dəfə bu mərhələdə iştirak edən millimiz mübarizəyə yanvarın 22-də başlayacaq. D qrupunun açılış matçında komandamız Gürcüstan yığması ilə üz-üzə gələcək. Bu görüş, eləcə də yanvarın 25-də keçiriləcək İspaniya – Azərbaycan qarşılaşması Qroningendəki Martini Plazada baş tutacaq. İlk dəfə 16 komandanın iştirak etdiyi yarışda qrup mərhələsini ilk iki pillədə yekunlaşdıracaq millilər ¼ finala vəsiqə qazanacaq.

CANLI YAYIM