Cüdoçumuz Hidayət Heydərov beynəlxalq reytinq cədvəlində 22 pillə irəliləyib

28 Sentyabr, 09:55 Sosial mediada paylaşın:
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pridən sonra Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cədvəldə yer alan Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) 22 pillə irəliləməklə 25-ci olub. Onunla eyni çəki dərəcəsində çıxış edən yığmamızın lideri Rüstəm Orucov isə yeddinci pillədəki mövqeyini qoruyub. Zaqreb turnirində çempion olan daha bir cüdoçumuz – Məmmədəli Mehdiyev (90 kq) isə 12-ci pillədən 8-ci yerə yüksəlib. Digər cüdoçularımıza gəlincə, Kəramət Hüseynov (60 kq) 1 pillə geriləməklə doqquzuncu olub. Eyni çəkidə mübarizə aparan Davud Məmmədsoy isə 25-ci pillədə yer alıb. Orxan Səfərov (66 kq) 10-cu pillədəki mövqeyini qoruyub. Onunla eyni çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə 20-ci pilləyə geriləyib. Tokio Olimpiadasının iştirakçısı Murad Fətiyev (81 kq) 13-cü, Zelim Kotsayev altıncı, Elmar Qasımov (hər ikisi 100 kq) 21-ci, Uşanqi Kokuari (+100 kq) 23-cüdür. Zərif cinsdən olan tatami ustalarımıza gəlincə, Leyla Əliyeva 25-ci, Aişə Qurbanlı (hər ikisi 48 kq) 34-cü, Gültac Məmmədəliyeva (52 kq) 36-cı, Aleksandra-Larisa Florian (57 kq) 51-ci, İrina Kindzerskaya (+78 kq) isə 6-cı pillədə qərarlaşıblar.

CANLI YAYIM