Azərbaycan yığması olimpiada üçün növbəti lisenziya xallarını qazanıb

16 Oktyabr, 10:46 Sosial mediada paylaşın:
Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Peninsular” yarışı start götürüb.
 
Azərbaycan Velosiped İdmanı Federasiyasının məlumatına görə, 20 komandanın tərkibində 115 velosipedçinin iştirak etdiyi veloturun 1-ci mərhələsində Azərbaycan yığmasının üzvü qalib olub. 
 
196 km-lik ilk yarış günündə Elçin Əsədov məsafəni 3 saat, 57 dəqiqə, 26 saniyəyə başa vurmaqla finiş xəttini 1-ci keçib. Bu nəticə ilə velosipedçi ümumi təsnifatın birincisi kimi lider üçün nəzərdə tutulan sarı köynəyi də ələ keçirib. Bundan başqa, mərhələ qalibiyyəti Azərbaycan yığmasının aktivinə 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün 14 lisenziya xalı qazandırıb.
 
1-ci mərhələni ilk onluqda bitirənlər arasında komandanın digər üzvü Samir Cəbrayılov da olub. O fotofinişə əsasən 7-ci yeri tutub. Bu gün keçiriləcək 2-ci yarış günündə iştirakçılar 198 km məsafə qət edəcəklər. 
 
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

CANLI YAYIM