“Avro-2020”: Bu gün B və C qruplarından səkkizdəbir finala yüksələcək komandalar müəyyənləşə bilər

17 İyun, 12:30 Sosial mediada paylaşın:
İyunun 17-də futbol üzrə Avropa çempionatının qrup mərhələsinin daha üç qarşılaşması keçiriləcək. Xəbər verilir ki, günün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq birinci oyununda C qrupunda yer alan Ukrayna seçməsi Şimali Makedoniya ilə qarşılaşacaq. Buxarestdə keçiriləcək oyunu argentinalı referi Fernando Andres Rapallini idarə edəcək. Ukrayna millisi birinci turda Niderlanda 2:3 hesabı ilə uduzub. Şimali makedoniyalılar isə ilk oyunda Avstriya seçməsinə məğlub olublar - 1:3. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək ikinci qarşılaşma Kopenhagendəki “Parken” stadionunda oynanılacaq. Danimarka millisi çempionatın favoritlərindən sayılan Belçika yığması ilə üz-üzə gələcək. Görüşün baş hakimi niderlandlı Byörn Kuypers olacaq. Danimarkalılar ilk görüşdə Finlandiyaya 0:1 hesabı ilə uduzublar. Belçika isə Rusiyanın qapısından üç cavabsız top keçirib. Roberto Martinesin baş məşqçi olduğu kollektiv rəqibinə qalib gələcəyi təqdirdə səkkizdəbir finala vəsiqəni təmin edəcək. Günün saat 23:00-da başlayacaq sonuncu görüşündə C qrupunun favoriti Niderland yığması Avstriya ilə qarşılaşacaq. Amsterdamdakı “Yohan Kroyf Arena”da gerçəkləşəcək matçı İsraildən olan hakim Orel Qrinfeld idarə edəcək. Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq. “Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

CANLI YAYIM