Xosep Qvardiola: "Komandamı oyuna tam hazırlamışam"

14 Aprel, 16:04 Sosial mediada paylaşın:
Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyununda öz meydanında Dortmund “Borussiya”sına 2:1 hesabı ilə qalib gələn
“Mançester Siti” bu dəfə rəqibi ilə Almaniyada qarşılaşacaq. Ümumi statistik göstəricilərə əsasən mütəxəssislər  İngiltərə təmsilçisinin qələbə imkanlarını daha yüksək qiymətləndirir. Pep Qvardiolanın rəhbərliyi altında 2016-cı ildən turnirin  yarımfinalına yüksələ bilməyən “şəhərlilər” bu dəfə mərhələ adalamağa kökləniblər: “Bu matç özümüzü isbatlamaq üçün yaxşı fürsətdir. Yalnız qələbə haqqında düşünürük. Komandamı oyuna tam hazırlamışam. Oyunçularım nə edəcəklərini yaxşı bilirlər. Ümidvaram azarkeşlərimizi sevindirə biləcəyik.”
“Borussiya”nın heyətində ciddi problemlər var. Bir neçə əsas oyunçu
zədə səbəbindən “Mançester Siti” ilə matçı buraxmalı olacaq. Bundesliqada son vaxtlar qeyri-sabit çıxışı ilə diqqət çəkən Dortmund klubu Çempionlar Liqasında yoluna davam etmək üçün var gücü ilə mübarizə aparmaq niyyətindədir. Bunu komandanın baş məşqçisi Edin Terziç görüşdən əvvəl təşkil olunan mətbuat konfarsında da bildirib: “Bəzi zədəli oyunçularımız var. Bu bizim planlarımıza çətinlik yaratsa da qələbə əzmimizi azaltmır. Oyunun ağır keçəcəyinə şübhəm yoxdur. Rəqib İngiltərənin ən güclü klublarından biridir. Buna görə də ehtiyatlı olmalıyıq. Bütünlükdə qarşıdakı oyuna köklənmişik. Mübarizəmizi sonuna qədər davam etdirəcəyik.”
Qeyd edək ki, “Siqnal İduna Park” stadionunda keçiriləcək “Borussiya”  – “Mançester Siti” oyunu bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq.

CANLI YAYIM