Çində keçirilməli olan Universiada təxirə salınıb

3 Aprel, 09:30 Sosial mediada paylaşın:
Ötən il koronavirus pandemiyasına görə nüfuzlu idman yarışları təxirə salındı. Pandemiya bu il də yarışların təşkilinə mane olur. Doğrudur, futbol üzrə Avropa çempionatı və Olimpiadanın keçirilməsi planlaşdırılır. Amma yenə də müəyyən yarışlar təxirə salınır.
Bu il Çinin Çendu şəhərində keçirilməli olan Yay Universiadası təxirə salınıb. Bu barədə Beynəlxalq Universitet İdmanı Federasiyası (FISU) rəsmi bəyanat yayıb. Yarış pandemiya səbəbindən gələn il keçiriləcək. FISU-nun bəyanatında tələbə idmançıların Universiadada iştirak etmək üçün normal məşq keçmədiyi vurğulanır. Məsələ ondadır ki, pandemiya müddətində universitetlər və onların idman zalları fəaliyyət göstərməyib. Belə şəraitdə isə Universiadada iştirak edəcək idmançılar yarışlara hazırlaşa bilməyib. Bununla yanaşı, Universiadanın koronavirusun mənbəyi olan Çində keçirilməsi də iştirakçılar arasında müəyyən narahatləğa səbəb ola bilər. Ona görə də, FISU riskə getmək istəməyib. Xatırladaq ki, Universiada avqustun 18-də keçirilməli idi. Yarışın 2022-ci ildə hansı tarixdə keçiriləcəyi isə hələ məlum deyil. Xatırladaq ki, tarixdə ilk Universiada 1959-cu ildə İtaliyanın Turin şəhərində təşkil olunub. Bu günə qədər isə 30 Universiada keçirilib. Sonuncu dəfə tələbələrin nəhəng idman festivalına 2019-cu ildə İtaliyanın Neapol şəhəri ev sahibliyi etmişdi.

CANLI YAYIM