Almaniya bundesliqasında 27-ci tur başlanır

2 Aprel, 15:28 Sosial mediada paylaşın:
Almaniya bundesliqasında 27-ci tura start verilir. UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan komandaların görüşü maraqla gözlənilir. Söhbət “Borussiya” Dortmund – “Ayntraxt” oyunundan gedir. Qonşu pillələrdə qərarlaşan kollektivlərin mövqeyinə nəzər salsaq, Frankfurt futbolçularının 47 xalla 4-cü, Dortmund klubunun isə 43 xalla 5-ci olduğunu görərik. Prinsipial matçdan əvvəl baş məşqçilər mətbuat konfransında fikirlərini bölüşüblər. “Borussiya”ya rəhbərlik edən Edin Terziç oyunun vacibliyindən söz açaraq rəqibi tərifləyib: “Ayntraxt”la oyun bizim üçün mühüm əhəmiyyət kəsb edir.  Bu, elə yarış cədvəlinə baxanda da anlaşılır. Hazırda məqsədimiz ilk 4-lükdə yer tutmaqdır. Təcrübəli, fiziki cəhətdən güclü və lazım gələndə idman aqressiyasını göstərə bilən komandaya qarşı oynayacağıq. Rəqibimiz risk etməkdən çəkinmir. Ona görə də işimiz asan olmayacaq. Amma uğur qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Adi Hütter də güclü rəqiblə görüşəcəklərini deyərək klubda gələcəyi barədə danışıb: “Tapşırığımızın nə olduğunu çox gözəl anlayırıq. “Borussiya” Dortmund UEFA Çempionlar Liqasına layiq komandadır. Biz də səviyyə baxımından rəqibimizdən geri qalmadığımızı sübut etməliyik. Bunun üçün qələbə qazanmalıyıq. Komandada gələcəyim son vaxtlar çox müzakirə olunur. Onu deməliyəm ki, “Ayntraxt”da mən də daxil olmaqla hamı kluba əvvəlki əzəmətini qaytarmaq üçün çalışır. Hesab edirəm ki, düzgün yoldayıq. “Borussiya” Dortmundla oyunda da adımıza layiq mübarizə aparıb qalib gəlməyə çalışacağıq”.
Qeyd edək ki, “Borussiya” Dortmund – “Ayntraxt” Frankfurt oyunu sabah Bakı vaxtilə saat 17:30-da başlanacaq. Bu görüşlə eyni vaxtda həm də 27-ci turun “Auqsburq” – “Hoffenhaym”, “Bayer” Leverkuzen – “Şalke”, “Maynts” – “Arminiya” Bilefeld və “Volfsburq” – “Köln” matçları start götürəcək.   

CANLI YAYIM