Cokiviç tennisçiləri boykota çağırdı, Nadal razılaşmadı

19 Fevral, 16:13 Sosial mediada paylaşın:
Koronavirus pandemiyası bütün idman növləridə olduğu kimi tennisə də ağır zərbə vurub. Mövcud şəraitə görə turnirlər normal qaydada keçirilmir. Bu da tennisçilər arasında narazılığa səbəb olur. ATP reytinqində ilk pillənin sahibi Novak Cokoviç artıq məsələ ilə bağlı narazılığını bildirib.
Novak Cokoviç turnirlərdən əvvəl tətbiq olunan karantin rejimi ilə bağlı fikirlərini bölüşüb. Serbiyalı raketka ustası “Australian Open”dən əvvəl tennisçilərin 14 gün karantinə salınmasının həmkarları arasında xoş qarşılanmadığını deyib. Novak bundan sonra keçiriləcək turnirlərdə də karantin qaydalarının tətbiqinə qarşı çıxıb. “Böyük Dəbilqə” seriyalı yarışların 17 qat qalibi hətta həmkarlarını belə turnirləri boykot etməyə çağırıb. Cokoviçin bu müraciətinə ispaniyalı Rafael Nadal cavab verib. Lakin “Böyük Dəbilqə” seriyalı turnirlərin 20 qat qalibi bu təkliflə razılaşmayıb. Nadal hazırda insan sağlamlığının tennisdən vacib olduğunu bildirib: “Səhv etmirəmsə, qarşıdakı iki ayda heç bir turnirə karantin qaydaları tətbiq edilməyəcək. Biz ilk dəfə “Australian Open”də belə şərtlərlə üz-üzə qaldıq. Düzdür, “US Open”in öz şərtləri var idi. Hər halda, vəziyyətin ağır olduğunu yaxşı anlayırıq. Dünya bu bəladan əziyyət çəkir. Novakla razıyam, tennis bundan ziyan görür. Amma bizim iki variantımız var. Ya mövsümü dayandırmaq , ya da davam etdirmək. Dayandırırqsa, onu necə bərpa edəcəyik? Çoxları bundan ziyan çəkəcək. Bu təkcə tennisçilərə yox, sıravi insanlara da pis təsir göstərəcək” deyə Rafael Nadal bildirib.

CANLI YAYIM