Lebron Bredinin yolunu gedəcəkmi?

11 Fevral, 17:30 Sosial mediada paylaşın:
Amerika futbolunun ən məşhur nümayəndəsi Tom Bredinin 7-ci dəfə “superboul”u qazanması bir müddət dünya idman ictimaiyyətinin gündəm mövzusuna çevrildi. Hətta onunla bağlı “Pari Sen-Jermen”in lideri Neymar da fikir bildirdi. Təbii ki, MBA-nın ən məşhur basketbolçusu Lebron Ceymsin də Bredi haqda fikirləri maraq doğurmaya bilməzdi...
Ötən mövsüm “Leykers”in 17-ci dəfə MBA çempionluğunu qazanmasında böyük pay sahibi olan Lebron Ceyms gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb. Ulduz basketbolçu amerika futbolunun 43 yaşlı əfsanəsi Tom Bredinin 7-ci dəfə “superboul”u qazanmasından danışarkən özünü ona bənzətmək istəmədiyini deyib: “Uzun illərdir ki, Bredini yaxından izləyirəm. Karyerasında uğurlu nəticələr və 7-ci çempionluğu  çox şeydən xəbər verir.  O, mənim üçün ilham mənbəyi ola bilər , amma biz iki fərqli idman növü və iki fərqli mövqedən danışırıq. Bundan sonra neçə il basketbol oynayacağımı bilmirəm.  Nə vaxt bitirməli olduğumu zaman özü mənə deyəcək”. 
Yeri gəlmişkən, Maykl Cordanla münaqişədə olduğuna görə, heç vaxt ona “tarixin ən güclü oyunçusu” deməyən MBA əfsanəsi Ayzea Tomas Lebron haqda fikirlərini bölüşüb. O, Ceymsin karyerasını bitirdikdən sonra bütün dövrlərin ən güclü basketbolçusu kimi tanınacağını deyib:  “36 yaşlı bir basketbolçunun meydanda belə xarüqələr yaratmasını izləmək möhtəşəmdir. Heç bir oyunu buraxmır, overtaymlarda qəhrəmana çevrilir və hər görüşdə fantastik çıxışı ilə yadda qalır. Hər dəfə izləyəndə Lebronun rekord yenilədiyini görürəm. Mənə elə gəlir ki, Ceyms tarixin ən güclü basketbolçusudur. Karyerasını bitirdikdən sonra hamı bunu təsdiqləyəcək” deyə Ayzea Tomas bildirib. Xatırladaq ki, 2003-cü ildə “Klivlend Kavalyers” tərəfindən draft olunan Ceyms 4 dəfə MBA-nın qalibi olan Maykl Cordan isə 6 dəfə çempionluq üzüyü qazanıb.
 

CANLI YAYIM