"Liverpul"un uğurlarına həsr olunan film çəkilib

20 Noyabr, 15:46 Sosial mediada paylaşın:
İngiltərə çempionu olaraq 30 illik həsrətə son qoyan “Liverpul” ötən il Çempionlar Liqası kubokunu da qazandı. Bununla “qırmızılar” həm ölkəsində, həm də Avropa arenasında gücünü bir daha təsdiqlədi. Yürgen Kloppun rəhbərlik etdiyi komandanın bu uğurları britaniyalı rejissorların da diqqətindən kənarda qalmayıb.
“Fırtınanın sonu” – böyük britaniyalı rejissor Ceyms Erskinin “Liverpul”a həsr etdiyi sənədli film məhz belə adlanır. Ekran əsərində Mersisayd klubunun tarixi premyer liqa çempionluğu barədə bəhs edilib. Bundan başqa futbolçuların dünyanın dördbir yanından olan azarkeşlərlə münasibətləri, komanda üzvlərinin müsahibələri tamaşaçılara təqdim olunub. Filmdə baş məşqçi Yürgen Klopp klubun nailiyyətlərindən əlavə, futbolçu karyerası barədə bilinməyənləri də azarkeşlərlə bölüşüb. Rejissor Ceyms Erskin almaniyalı mütəxəssislə işləməkdən böyük zövq aldığını deyib:  “O, illər ərzində yaşadıqlarını bölüşməyi çox sevir. Atası haqda bir çox maraqlı xatirəsini danışdı. Olduqca dürüst biridir. Rol oynamır. Göründüyü kimi sadə və ünsiyyətcildir. Heç bir sualımızı cavabsız qoymadı. Hesab edirəm ki, bu, filmin keyfiyyətini artıran əsas amillərdəndir. Klopp kimi müsbət aurası olan insanı sevməmək qeyri-mümkündür. Təsadüfi deyil ki, neytral futbol azarkeşləri də ona böyük rəğbət bəsləyirlər. Belə bir şəxs və onun komandası haqda film hazırladığım üçün özümü xoşbəxt sayıram”.
Qeyd edək ki, “Fırtınanın sonu” filmi noyabrın 30-dan DVD, Blu-rey və rəqəmsal formatda tamaşaçılara təqdim olunacaq.  

CANLI YAYIM