ABŞ senatı dopinqlə bağlı yeni qanun layihəsini təsdiqləyib

19 Noyabr, 16:30 Sosial mediada paylaşın:
Son vaxtlar idman ictimaiyyətini koronavirus pandemiyası daha çox narahat edir.  Amma vaxt ötəcək, bu problemin həlli tapılacaq. idman dünyasının ən böyük bəlası olan dopinq probleminin nə vaxt həll ediləcəyini heç kim söyləyə bilməz. Hərçənd, müxtəlif ölkələrdə bununla mübarizədə qanun sərtləşdirilir.
Amerika Birləşmiş Ştatlarının senatı dopinqlə bağlı yeni qanun layihəsini təsdiqləyib. Yeni qanunvericiliyə əsasən Amerika hüquq-mühafizə orqanlarına dopinqlə mübarizə aparmağa səlahiyyət verilir. Yəni xüsusi xidmət orqanları məlumat əldə edəcəyi halda dopinqlə bağlılığı olan şəxslə əlaqədar araşdırmalara başlaya bilər. Bununla yanaşı, yeni qanuna görə dopinqi qəbul edən idmançı  və ya qadağanolunmuş preparatları yayan şəxslər 10 il müddətinə həbs və ya 1 milyon dollar məbləğində cərimə olunacaq.  Amerika Birləşmiş Ştatlarının Antidopinq Agentliyinin rəhbəri Trevis Tayqert yeni qanunun dopinqlə mübarizədə effektli olacağını vurğulayaraq bunu tarixi hadisə kimi qələmə verib. O, qanunun qüvvəyə minəcəyi günü səbirsizliklə gözlədiyini söyləyib.  Elə Beynəlxalq Olimpiya Komitəsi də bu qanun layihəsini mütərəqqi bir addım kimi alqışlayıb.
Buna baxmayaraq, Beynəlxalq Antidopinq Agentliyi  Amerika Senatının bu qanunu təsdiqləməsini xoş qarşılamayıb. WADA-nın firkincə, müxtəlif ölkələrdə dopinqlə bağlı qanunların fərqli olması vahid mexanizm prinsiplərinə ziddir. Qurum gələcəkdə pərakəndəliyin yaranacağına görə narahatdır.  Digər bir narahatlıq isə, ABŞ hüquq mühafizə orqanlarının dopinqlə bağlı mübarizədə digər ölkələrin vətəndaşlarının işinə müdaxilə edilə biləcəyi ilə bağlıdır.

CANLI YAYIM