Saman Nəriman Cahan: "Hansı azərbaycanlı "Neftçi"ni tanımaya bilər?!"

14 Yanvar, 13:00 Sosial mediada paylaşın:
Bu günlərdə "Neftçi" ilə müqavilə imzalayan iranlı futbolçu Saman Nəriman Cahan artıq komanda ilə birgə Antalyada təlim-məşq toplanışına qatılıb. 
Sport24.az saytına müsahibə verən Cahan "Neftçi"yə keçidi ilə bağlı təəssüratlarını bölüşüb: "İlk günlərdən hər şey əla alınır. Həm funksionerlər, həm inzibati heyət, həm də komanda yoldaşlarım məni çox isti qarşıladılar. Bu komandanı sevməmək mümkün deyil. Kollektiv sadəcə möhtəşəmdir, buraya gəldiyim üçün xoşbəxtəm. "Neftçi" yə necə gəldim? Bir yaxşı dostum "Neftçi" ilə danışdığını, mənim oyun videoyazılarımı onlara göndərdiyini və cavab gözlədiyini dedi. Bir müddət keçdi və dedi ki, klub məni bəyəndi. Bundan sonra "Neftçi" haqqında məlumat topladım. Əlbətdə, ümumilikdə bu klub haqda məlumatlı idim. Hansı azərbaycanlı "Neftçi"ni tanımaya bilər!? Axı, bu, Azərbaycanın xalq komandasıdı. Sumqayıtda çıxış edən həmvətənlərimdən Peyman Babayi və Mehdi Şərifidən məlumat topladım. Və onlar da təsdiqlədilər ki, "Neftçi" Azərbaycan futbolunun flaqmanıdı. Bu kluba dəvət aldığım üçün xoşbəxtəm. "Neftçi"yə Azərbaycan çempionu olmaq üçün gəlmişəm".
29 yaşlı futbolçu Premyer Liqamızda mübarizəyə də toxunub: "Əlbəttə ki, bura gəlməmişdən əvvəl turnir cədvəlində vəziyyətə baxdım və "Qarabağ"dan 6 xal geridə olduğumuzu öyrəndim. Bu fəlakət deyil, çünki hələ 14 qarşılaşma var və bu, kiçik xal fərqidi. Bundan əlavə, "Qarabağ"la iki görüşümüz var. Qələbə qazansaq, ağdamlılarla xalları bərabərləşdirəcəyik. Sadəcə, birləşməliyik və onda çempion ola bilərik. Hər görüşə həlledici oyun kimi baxmaq lazımdır. Məhz belə olan halda qarşıya qoyduğumuz məqsədə çata biləcəyik".