"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC İDMAN TV

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC  İDMAN TV

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ilk televiziya və radio qurumudur.

Hər xalqın milli-mənəvi dəyərlərini, mədəni irsini əks etdirə biləcək bir güzgüyə ehtiyacı var. Bizim də güzgümüz “Mavi ekran”dır. Məhz buna görə də Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq, ölkəmizin zəngin irsini - mədəniyyətini, incəsənətini, ədəbiyyatını dünyaya çatdırmaq və təbliğ etmək istiqamətində Milli Televiziya və Radionun gördüyü işlər danılmazdır. Bunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşları ilə görüşü zamanı söylədiyi "Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir" – kəlamı ilə bir daha təsdiq etmək mümkündür.

Azərbaycan televiziyası bizi tək özümüzə deyil, bütün dünyaya  göstərir. Müasir dövrdə müxtəlif sahələrlə bağlı zəngin verilişlər epopeyası yaradan Ana Televiziyamız, xalqımızın bu günə qədər keçdiyi misli-bərabəri olmayan tarixi qələbələrini, milli-mənəvi dəyərlərimizi nümayiş etdirməklə gələcək nəsllər üçün bir ensklopediya rolunu oynayır. 
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna aşağıdakı qurumlar daxildir:

* Azərbaycan Televiziyası (AzTV)
* İdman TV
* Mədəniyyət TV
* Azərbaycan Radiosu
* Beynəlxalq Radio

 

İDMAN TV

"İdman" telekanalı fəaliyyətə başladığı ilk günlərdən ölkəmizdə idman siyasətinin uğurla həyata keçirilməsi işinə öz töhvəsini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu idman siyasətinin istər Azərbaycanda, istərsə də xarici ölkələrdə təbliğ və təşviq olunması istiqamətində "İdman" telekanalı əhəmiyyətli rol oynayır. 

İdman siyasətinin mühüm tərkib hissəsi həm də ondan ibarətdir ki, yeniyetmə və gənclər idman məşğələlərinə cəlb olunsun, bununla da sağlam gələcək təmin edilsin. 2009-cu il fevral ayının 1-də ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan "İdman" telekanalı, məhz bu mərama xidmət edir. Telekanalın maddi-texniki bazası idman yarışlarından reportajların, ayrı-ayrı proqramların operativ şəkildə və canlı olaraq efirə verilməsinə kifayət qədər şərait yaradır. 
Bu günə qədər "İdman" telekanalı müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında atletlərimizin uğurlu çıxışları haqqında müntəzəm məlumatları tamaşaçılara çatdırıb, nəhəng beynəlxalq turnir və çempionatların yayımını təmin edib. Buna misal olaraq Bakı-2015: İlk Avropa Oyunlarını, Bakı-2017: İslam Həmrəyliyi Oyunlarını, 4-cü İslam Həmrəyliyi Oyunlarını, Formula 1 yarışlarını göstərmək olar. Bu idman  proqramları müxtəlif qitələrə – 120-dən artıq ölkəyə yayımlanıb, tamaşaçılar Azərbaycan haqqında geniş təsəvvürə malik olub. Bu ənənə hal-hazırda uğurla davam etdirilir. Yarışlardan sonra Prezident İlham Əliyev Azəbaycan Televiziyasının və "İdman" telekanalının yayımladığı proqrqmların keyfiyyətini yüksək qiymətləndirib və kollektivin fəaliyyətini nümunə göstərib. İdman siyasətinin beynəlxalq çərçivədəki müvəffəqiyyətli təbliğinə görə Azərbaycan Televiziyasına Beynəlxalq İdman Yayımı Şirkətinin xüsusi sertifikatı təqdim olunub.
Hazırda telekanalın "İdman-Xəbər", İdman həftəsi", "Şahmat klubu", “Telefitnes”, “30 dəqiqə”, “Sport 303”, “Veloekstrim”, “İdmanda qadınlar” kimi verilişlərində və digər proqramlarında, eyni zamanda, dünyanın ən maraqlı futbol turnirlərindən sayılan –Almaniya

Bundesliqası və İngiltərə Premyer Liqasının oyunlarından reportajlar zamanı müxtəlif yaradıcılıq üsulları tətbiq olunur, tamaşaçıların zövqlərinə cavab verən bir sıra müasir texnoloji imkanlar tətbiq edilir. O cümlədən, dünya və Azərbaycan idmanının ulduzları haqqında vaxtaşırı sənədli telefilmlər hazırlanıb efirə verilir.

Telekanalın yaradıcılıq nailiyyətləri ilə birlikdə, texniki uğurları da az olmayıb. 2010-cu il yanvarın 15-dən proqramların peyk vasitəsilə yayımı başlanıb, verilişlərin gündəlik həcmi 15 saata çatdırılıb.
2015-ci il oktyabrın 12-dən "İdman" telekanalı 24 saatlıq iş rejiminə keçib. Hazırda kanalın proqramları HD formatında yayımlanır. Bu yenilik videotəsvirlərin daha rahat vizual qəbuluna imkan yaradır. Dünya ölkələrində idman kanalı açıq efir vasitəsilə yayımlanmır, buna görə maliyyə vəsaiti ödənilir. Respublikamızda isə tamaşaçılar heç bir aylıq haqq ödəmədən "İdman" telekanalının bütün proqramlarına, müxtəlif ölkələrdən ən maraqlı idman yarışlarına baxa bilirlər. Yay və Qış Olimpiya Oyunları, ümumdünya universiadaları, Avropa Gənclərinin Olimpiya Festivalı, müxtəlif növlər üzrə dünya və qitə çempionatları, Formula-1 turnirləri, UEFA Çempionlar Liqası, Avroliqa, habelə Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışları, həmçinin ölkəmizin milli çempionatları məhz "İdman" telekanalında peşəkarlıqla azarkeşlərə təqdim olunur.

Qeyd edək ki, planetimizdə ən çöx maraq doğuran yarışlardan biri – futbol üzrə dünya çempionatının yayımı 2014 və 2018-ci illərdə "İdman" telekanalına həvalə edilmişdi. 2020-ci il Tokio Olimpiadasının respublikamızda yayım hüququ barədə razılıq əldə olunmuşdu və pandemiya səbəbindən 2021-ci ildə keçirilən Olimpiya oyunlarını milyonlarla tamaşaçı "İdman" telekanalından izləmişdi.

Нажмите для полной версии документа
Наверх