Azərbaycan Kuboku uğrunda yarışın 1/8 final mərhələsi davam edir.
Premyer Liqa iştirakçılarından “Sabah” səfərdə “Turan Tovuz” kollektivinin qonağı olub. Qarşılaşma sürətli hücumlarla başlayıb. İlk hissənin ortalarınadək tərəflər bir neçə epizodda təhlükəli cəhdlərlə yadda qalıblar. Görüşün 26-cı dəqiqəsində oyunda xoşagəlməz hadisə yaşanıb. “Sabah”ın hücumu zamanı komandanın kapitanı Pavel Safranko topa zərbə endirmək istəyərkən müdafiəçi Denis Marandiçi onun önünə keçib. Nəticədə həm rəqibinin zərbəsi, həm də müvazinətini itirən Marandiçinin ayağı sınıb. Həkimlər dərhal futbolçuya müdaxilə ediblər və təcili tibbi yardım avtomobili ilə Marandiçi xəstəxanaya aparılıb. Daha sonra oyunda hesab açılıb. Aleks Souza “Turan” Tovuz azarkeşlərini sevindirib. Fasilə ərəfəsində Con İrazabal bərabərliyi təmin edib. İkinci hissədə bərabərlik olduğundan qarşılaşmada əlavə yarım saat oynanılıb. Bu vaxt ərzində tərəflər yenə hərəyə bir dəfə qapıya yol tapıblar. 113-cü dəqiqədə Oto Con, 5 dəqiqə sonra isə Neqoş Kupusoviç dəqiq oynayıb. Bununla da qalib penaltilər seriyasında müəyyənləşib. Rəqibindən daha dəqiq olan “Sabah” mərhələ adlayan tərəf olub.