Avroliqada 11-ci turun oyunları davam edir

22 Noyabr, 12:00 Sosial mediada paylaşın:
Avroliqada 11-ci tur başa çatıb. “Anadolu Efes” İstanubulda “Paris”i qəbul edib.
İlk hissədə rəqibinin ciddi təzyiqi ilə üzləşən İstanbul klubu fərqin çox da böyüməsinə imkan verməyib. Amma fasilədən sonra Türkiyə təmsilçisi vəziyyəti xeyrinə dəyişə bilməyib. Nəticədə “Anadolu Efes”i 93:84 hesabı ilə məğlub edən “Paris” Avroliqada ardıcıl 7-ci qələbəsini qazanıb.  Qeyd edək ki, bu, debütantlar arasında turnir tarixinin ən yaxşı göstəricisidir.  Günün ən maraqla gözlənilən matçı isə Serbiyanın paytaxtında keçirilib. Belqrad derbisində üz-üzə gələn “Srvena Zvezda” ilə “Partizan” arasında görüşdə azarkeşlər gərgin mübarizənin şahidi olub. İlk bölümdə meydan sahibləri daha xoş təsir bağışlasa da, artıq fasiləyə qədər Jelko Obradoviçin komandası üstünlüyü ələ alıb. İkinci hissə də də qonaqlar daha inamlı çıxış edib. Nəticədə “Srvena Zvezda”dan 89:77 hesabı ilə üstün olan “Partizan”  turnirdə ardıcıl 6 məğlubiyyətdən sonra azarkeşlərini sevindirib. Mövsümə elə də yaxşı başlamayan “Real Madrid” isə autsayderlərdən olan “Alba Berlin”i sınağa çəkib. “WiZink Center”də keçirilən oyunun ilk bölümündə rəqibinin ciddi müqaviməti ilə üzləşən meydan sahibləri ikinci hissədə Almaniya təmsilçisini çətin vəziyyətə salıb: Real Madrid – Alba Berlin 98:84. Doğma meydanda keçirdiyi bütün görüşlərdə qalib gələn “Olimpiakos” isə bu dəfə “Baskoniya”dan 92:69 hesabı ilə üstün olub. Günün digər oyunlarına gəlincə, “Monako” “Lion Villerban”a 103:92, “Olimpiya Milano” isə “Makkabi Təl-Əviv”ə 98:86 hesabı ilə qalib gəlib. 11 turdan sonra “Fənərbağça” 9 qələbə ilə liderliyini davam etdirir. Hərəyə 8 qələbə qazanan “Olimpiakos” və “Paris” 2-ci 3-cü sıraları bölüşdürür.

CANLI YAYIM