Basketbolçuların Avroliqa yarışında 12-ci tur start götürüb. İdman TV ilə yayımlanan yarışın ilk oyun günündə azarkeşlər maraqlı görüşlərin şahidi olub. “Jalgiris” Kaunasda “Baskoniya”nıs qəbul edib. İlk üç bölüm meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Amma matçın son periodunda qonaqlar fəallıq nümayiş etdirərək vəziyyəti xeyrinə dəyişib. Beləliklə də, Litvada “Jalgiris”i 83:70 hesabı ilə məğlub edən “Baskoniya” bu mövsüm səfərdə ilk qələbəsini qazanıb. Turun mərkəzi oyunu isə Barselonada keçirilib. “Baskoniya” kimi bu tura qədər bütün səfər matçlarında uduzan “Real Madrid” “El Klasiko”da azarkeşlərini sevindirib. Görüşdə əsas vaxt 74:74 hesabı ilə başa çatıb. Nəticədə azarkeşlər iki overtaym izləyib. Burada daha inamlı təsir bağışlayan “Real Madrid” “Barselona”ya 97:90 hesabı ilə qalib gəlib. Matçın ən məhsuldar basketbolçusu Kevin Panter olub. “Barselona”nın amerikalı müdafiəçisi 27 xal toplayıb. Mövsümün debütantı “Paris” isə hamını təəccübləndirməkdə davam edir. Tyaqo Splitterin komandası bu tur doğma meydanda “Virtus Bolonya”ya 81:78 hesabı ilə qalib gələrək ardıcıl 8-ci qələbəsini qazanıb. Günün digər oyunlarına gəlincə, “Partizan” Belqradda “Olimpiakos”dan 78:70, “Makkabi Təl-Əviv” isə Berlində “Alba”dan 103:85 hesabları ilə üstün olub.