Zaur Telman oğlu Zeynalov 28 sentyabr 1987- cı ildə Bakı şəhərində anadan olub.
1994-2005-ci illərdə Məzahir Rüstəmov adına 32 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri İncəsənətin Tarixi və Nəzəriyyəsi fakültəsinə daxil olub. Hələ 2-ci kursda oxuyarkən Azərbaycan Televiziyasında rejissor assistenti kimi əmək fəaliyyətinə başlayıb.
Universiteti bitirdikdən sonra Azərbaycan Televiziyasında rejissor kimi, sonra Müəllif proqramları və xüsusi layihələr studiyasının baş rejissoru kimi fəaliyyətini davam etdirib.
İşlədiyi müddətdə onlarla layihənin, televiziya verilişləri və filmlərin quruluşçu-rejissoru olub.
Zaur Zeynalov Azərbaycan Televiziyasında “Sevginin ünvanı” adlı ilk serialın quruluşçu rejissorudur. Son illərdə o, 2-ci Qarabağ müharibəsinə həsr olunan “Göz bəbəyim” bədii filminə, “Sən hələ uşaqsan” tammetrajlı bədii filmə, Ulu Öndərə həsr olunmuş “El bilir ki...” bədii filmə quruluş verib.
Eyni zamanda o, Ümümmilli lider Heydr Əliyevin 100-illiyinə həsr olunmuş “Xalqın adamı”, Xocalı faciəsindən bəhs edən “Zirzəmi” və ““Mən qayıdıram” filmlərinin, Mart soyqırımına həsr olunan “Hökm” bədii-sənədli filminin, aktual sosial mövzulara toxunan “Gözbağlıca”, “Yoxluğa yoluxma”, “Arzular qanadlanar” və digər filmlərin quruluşçu rejissorudur.
2022-ci ildən “Xüsusi layihələr” studiyasının direktor müavini vəzifəsində çalışıb. 2024-cü ildə “İdman” kanalının direktoru vəzifəsinə təyin olunub.
Ailəlidir.
İki övladı var.