Formula 1 üzrə İtaliya Qran-prisi başa çatıb.
Mövsümün 16-cı yarışında sürət həvəskarları yenə də son Qran-prilərdə yaşanan ssenarinin şahidi olublar. Son 4 yarışda finiş xəttini birinci keçən “Red Bull” pilotu Maks Ferstappen bu dəfə də azarkeşlərini sevindirib. Məsafəni 1 saat 20 dəqiqə 27 saniyəyə qət edən niderlandlı pilot bu mövsüm 11-ci, karyerasında isə 31-ci qələbəsini qazanıb. Ondan 2,4 saniyə geri qalan “Ferrari” pilotu Şarl Lekler 2-ci, “Mersedes”in sürücüsü Çorc Rassell isə 3-cü olub. Maraqlıdır ki, ilk 6 pillədə qərarlaşan pilotlar yalnız “Red Bull”, “Ferrari” və “Mersedes”i təmsil edir. Daniel Rikkardo, Lens Stroll, Fernando Alonso və Sebastyan Fettel isə yarışı tamamlaya bilməyib. Fernando Alonsondan söz düşmüşkən, karyerasında 349-cu yarışını keçirən 41 yaşlı ispaniyalı pilot bu göstəricidə finlandiyalı Kimi Raykkonenin rekordunu təkrarlayıb.
Şəxsi birinciliyə gəlincə, Maks Ferstappen 335 xalla çempionata başçılıq edir. Ondan 116 xal geridə qalan Şarl Lekler ikinci, 210 xal toplayan “Red Bull” pilotu Serxio Peres isə 3-cü sıradadır. Elə Mühəndislər Kubokunda da 545 xalla “Red Bul” liderdir. İkinci yerdə qərarlaşan “Ferrari”nin 406, “Mersedes”in isə 371 xalı var. Növbəti yarış oktyabrın 2-də Sinqapurda keçiriləcək.