Azərbaycan çempionatının 6-cı turunda “Sumqayıt” doğma arenada “Şamaxı”nı qəbul edib. Meydan sahibləri elə ilk dəqiqədən irəli atılaraq, penalti vurmaq hüququ qazanıblar. Almir Aqanspahiç fürsəti əldən verməyib. Fasilə ərəfəsində Bahadur Həziyev tarazlığı bərpa edib - 1:1. 2-ci hissədə tərəflərin səylərinə baxmayaraq oyunda başqa qol olmayıb və görüş bu hesabla bitib.
6-cı tura möhtəşəm görüşlə yekun vurulub. “Qarabağ” – “Sabah” qarşılaşmasında azarkeşlər gərgin mübarizə ilə yanaşı, həm də 7 qol görüblər. 29-cu dəqiqədə Ağdam klubunun heyətində Musa Qurbanlı hesabı açıb. Az sonra Emmanuel Apeh hesabı bərabərləşdirib. Fasilə ərəfəsində “Sabah” meydanda azlıqda qalıb. Abdulaye Ba 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü qazanan “Qarabağ” futbolçuları 2-ci hissənin əvvəlində hesabda önə keçiblər. Emin Cəfərquliyev topu qapıdan keçirib. Bundan sonra çoxları “Qarabağ”ın asan qələbə qazanacağını düşünsə də, əksinə olub. 1 saatın tamamında Coy Lens Mikkels hesabı bərabərləşdirib. 9 dəqiqə sonra isə Aleksey Kaşuk hesabı Sabahın xeyrinə dəyişib. Qalan vaxtda bütün qüvvə ilə irəli atılan “Qarabağ” futbolçuları 2 epizodda penalti vurmaq hüququ qazanıblar. Hər iki halda Ramil Şeydayev fürsəti qaçırmayıb. O, əvvəlcə 84-cü dəqiqədə tarazlığı bərpa edib. 2-ci hissəyə artırılan vaxtda isə komandasının qələbə qolunu vurub - 4:3. Qeyd edək ki, “Sabah” futbolçuları son saniyələrdə topu qapıdan keçirsələr də, bu epizodda ofsayd qeydə alınıb. Beləliklə keçirdiyi 5 görüşün hamısında qalib gələn Qarabağ maksimum nəticə ilə turnir cədvəlinin zirvəsində qərarlaşıb. Ağdam klubundan 1 oyun artıq keçirən və onunla eyni – 15 xal toplayan Neftçi isə top fərqinə görə rəqibindən geri qalır. Mövsümdə ilk dəfə uduzan “Sabah” isə 13 xalla 3-cü yerdədir.