Basketbol üzrə Avropa çempionatında 3-cü turun oyunları start götürüb.

A qrupunun Gürcüstanda keçirilən görüşlərində liderlər gözlənilmədən uduzublar. Çempionatın favoritlərindən İspaniya millisi Belçika yığması ilə qarşılaşmanın ilk hissəsində üstün təsir bağışlasa da, fasilədən sonra uğursuzluğa düçar olub. Belçikalılar təşəbbüsə yiyələnərək, 20 xal toplayan Manu Lekomtun fəal oyunu sayəsində 10 xal fərqlə qalib gəliblər 83:73. Türkiyə millisi də meydan sahibi Gürcüstan yığması ilə bacarmayıb. Əsas vaxtı 68:68 hesabıyla başa çatan oyunun overtaymında daha məhsuldar oynayan gürcülər qələbəyə seviniblər. Oyunun qəhrəmanı 20 xal və 12 ribaundla yadda qalan Sandro Mamukelaşvili olub. Türkiyə - Gürcüstan 83:88. Qrupun digər oyununda isə Monteneqro seçməsi Bolqarıstan komandasını 91:81 hesabıyla məğlub edib.  3 turdan sonra A qrupunda Monteneqro, Belçika, Türkiyə və İspaniya milliləri hərəyə 5 xal toplayıb.

B qrupunun Almaniyada keçirilən oyunları da maraqlı alınıb.  İlk iki turda Sloveniya və Fransa yığmalarına məğlub olan Litva seçməsi bu dəfə Almaniya komandası qarşısında aciz qalıb. 2 overtaym davam edən oyunda almanlar Frants Vaqner, Dennis Şröder və Maodo Lonun məhsuldar oyunu sayəsində ardıcıl 3-cü qələbəsini qazanıb: Litva – Almaniya 107:109.  Günün ən gözlənilməz nəticəsi Sloveniya – Bosniya Herseqovina oyununda qeydə alınıb. “Dallas Maveriks”in ulduzu Luka Donçiç 16 xal, 8 ribaund və 8 məhsuldar ötürmə ilə fərqlənsə də,  ikinci hissədə zəif təsir bağışlayan Avropa çempionu meydanı məğlub tərk edib: Sloveniya – Bosniya Herseqovina 93:97. Turun digər oyununda isə Fransa millisi Macarıstan yığmasını 78:74 hesabıyla məğlub edib. Bu qrupa 3 görüşün hamısında qalib gələn Almaniya millisi başçılıq edir.