Basketbol üzrəi Avropa çempionatı start götürüb. İlk oyun günündə azarkeşlər maraqlı qarşılaşmaların şahidi olub. Gürcüstanda keçirilən A qrupunun ilk turunda çempionatın favoritlərindən olan İspaniya millisi Bolqarıstan yığmasını 114:87 hesabı ilə darmadağın edib. Məğlubiyyətə baxmayaraq, bolqarıstanlı Aleksandr Vezenkov 26 xal və 11 ribaundla oyunun ən məhsuldar basketbolçusu olub. Türkiyə millisi də turnirə qələbə ilə başlayıb. Monteneqro seçməsi ilə oyunun ilk periodunda hesabda geriyə düşməsinə baxmayaraq, qardaş ölkənin basketbolçuları sonda 72:68 hesabıyla qalib gəlib. Türkiyə millisinin lideri Şeyn Larkin 18 xal, 7 məhsuldar ötürməylə oyunun ən yaxşısı olub. Qrupun ən dramatik oyunu Belçika ilə Gürcüstan milliləri arasında keçirilib. Əsas vaxt 70:70 hesabıyla başa çatsa da, overtaymda 9:6 hesabıyla qalib gələn qərbi avropalılar meydan sahiblərini məğlub edib: Belçika – Gürcüstan 79:76.

Almaniyada təşkil olunan B qrupunun oyunları da kifayət qədər maraqlı alınıb.  Çempionatın favoritləri olan Sloveniya ilə Litva komandaları arasında oyunda basketbol həvəskarları Luka Donçiçin şousuna şahidlik edib. Sloveniya millisinin üzvü Mayk Tobi 24 xal və 8 ribaundla oyunun ən məhsuldar basketbolçusu olsa da, “Dallas Maveriks”in ulduzu Luka Donçiç 14 xal və 10 məhsuldar ötürməylə komandasının Litva üzərində qələbəsində böyük pay sahibi olub: Sloveniya – Litva 92:85.  Qrupun digər iki adlı-sanlı komandalarının duelində isə Almaniya millisi Fransa seçməsini 76:63 hesabıyla məğlub edib. Elə Bosniya və Herseqovina yığması da Macarıstan komandasını üstələməkdə çətinlik çəkməyib 95:85.