Bu gün basketbol üzrə 41-ci Avropa çempionatı başlanır.
Almaniyanın Berlinlə Köln, Çexiyanın Praqa, Gürcüstanın Tbilsi və İtaliyanın Milan şəhərində keçiriləcək qitə yarışında ümumilikdə 24 komanda iştirak edəcək. A qrupunda İspaniya, Monteneqro, Türkiyə, Gürcüstan, Belçika və Bolqarıstan, B qrupunda Fransa, Litva, Sloveniya, Almaniya, Macarıstanla Bosniya və Herseqovina, C qrupunda Yunanıstan, İtaliya, Xorvatiya, Ukrayna, Böyük Britaniya və Estoniya, D qrupunda isə Serbiya, Çexiya, Polşa, Finlandiya, İsrail və Niderland milliləri mübarizə aparacaq. Sentyabrın 10-da start götürən 1/8 final mərhələsinə hər qrupdan 4 komanda vəsiqə qazanacaq. Çempionatın finalı isə sentyabrın 18-i Almaniyanın paytaxtı Berlində keçiriləcək.
Çempionatın favoritlərinə gəlincə, bu mənada İspaniya, Fransa, Yunanıstan, Serbiya və Sloveniya millilərinin adlarını çəkmək olar. Elə Litva ilə Türkiyə millisi də yüksək hədəflər uğrunda mübarizə aparacaq. Mütəxəssislərin fikrincə, bu dəfəki qitə turniri son dövrlərin ən maraqlı çempionatlarından biri kimi tarixə düşəcək. Buna səbəb MBA ulduzları Yannis Adetokumbo, Luka Donçiç və Nikola Yokiç kimi basketbolçuların yarışda iştirak etməyə razılıq verməsidir. Xatırladaq ki, sonuncu dəfə Avropa çempionatı 2017-ci ildə keçirilmiş və həlledici görüşdə Serbiya millisini məğlub edən Sloveniya yığması tarixində ilk dəfə qitənin ən güclüsü olmuşdu.