Praqada qadın şahmatçıların Avropa çempionatı sona yaxınlaşır.
Millimizin lideri, yarışın reytinq favoriti Günay Məmmədzadə 10-cu turda rəqibi ilə heç-heçə edib. Xal itkisinə baxmayaraq Məmmədzadə ikinci pillədəki mövqeyni qoruyub. Məmmədzadə hazırda yarışın lideri, polşalı Monika Soçkodan yarım xal geri qalır. Yeri gəlmişkən, komandamızın digər üzvü Gülnar Məmmədova Soçko ilə qarşılaşmada rəqibini büdrədib. Bu nəticələr Günay Məmmədzadənin çempionluq imkanlarını saxlayıb. Belə ki, qrossmeystrimiz Avropa çempionatının qızıl medalına sahib olmaq üçün sonuncu turda mütləq polşalı Aleksandra Malçevskayaya qalib gəlməli, eyni zamanda Monika Soçkonun xal itirməsinə ümid etməlidir. Xatırladaq ki, Günay kimi Malçevskayayanın da hesabında 7 xal yarım var. Şahmatçımız şəxsi əmsallara görə rəqibini qabaqlayaraq ikinci pillədə qərarlaşıb. Digər oyunlarda Ləman Hacıyeva və Səbinə İbrahimova qalib gəlib. Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva rəqibləri ilə sülh bağlayıb. Xanım Balacayeva isə turu məğlub başa vurub.