Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi oyunlarının bağlanış mərasimi keçirilib. Tədbirin açılışında Konya şəhərinin tarixi və mədəni mərkəzləri haqqında videoçarx nümayiş olunub. Daha sonra Türkiyə respublikasının dövlət bayrağı arenaya gətirilib və istiqlal marşı səsləndirilib. İştirakçı ölkələrin bayraqları sərgilənib və idmançıların paradı təşkil edilib. Azərbaycan bayrağını basketbolçumuz Zaur Paşayev daşıyıb.

Mərasimin növbəti hissəsində rəsmi şəxlərin çıxışı olub. Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu nitqi zamanı idman yarışlarının İslam Həmrəyliyindəki önəmi barədə fikirlərini bildirib. Azərbaycandan rəsmi şəxs qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mərasimdə iştirak edib.

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Əbdüləziz bin Əl Səud yüksək təşkilatçılığa görə Türkiyə rəsmilərinə təşəkkür edib. O, eyni zamanda bu yarışla İslam ölkələrinin bir daha bütün dünyaya həmrəylik mesajı verdiyini dilə gətirib. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Türkiyə tərəfindən rəsmi quruma təhvil verilib.  

Tədbir bədii hissə ilə davam edib. Sonda atəşfəşanlıq ilə 5-ci İslam Həmrəyliyi Oyunlarına yekun vurulub.

Qeyd edək ki, Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü pillədə başa vurublar. Bu medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc əyarlıdır.