UEFA Millətlər Liqasının C divizionunda yarışan seçmə komandamız növbəti oyununu keçirib. Futbolçularımız Bakıda Belarus təmsilçilərini qəbul ediblər.

“Dalğa Arena”da keçirilən görüşün ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra millimizin baş məçqçisi Canni de Byazinin əvəzetmələri öz sözünü deyib. Xüsusilə Renat Dadaşovu əvəzləyən Mahir Emreli qarşılaşmanın qəhrəmanı olub. Zaqreb “Dinamo”sunun forvardı meydana daxil olandan 7 dəqiqə sonra qapını dəqiq nişan alıb. Bununla da, futbolçularımız 5 oyundan sonra rəqib qapısına yol tapıblar. Görüşün sonunda hesab artıb. Bu dəfə Ramil Şeydayev fərqlənib. Mahir Emreli isə məhsuldar ötürmə müəllifi olub. Beləliklə 2:0 hesabı ilə qalib gələn komandamız UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb. Ümumiyyetlə sonuncu dəfə yoldaşlıq oyununda məhz elə Belarus kollektivini məğlub edən futbolçularımız 13 oyundan sonra yenə elə belarus təmsilçiləri ilə görüşdə qələbə əldə ediblər. 4 turdan sonra Qazaxıstan millisi 10 xalla qrupa başçılıq edir. Slovakiya yığması 6 xalla 2-cidir. Millimizin 4 xalla 3-cü pillədə qərarlaşıb. Ausayder Belarus komandasının aktivində 2 xal var. Sentyabrın 22-də keçiriləcək 5-ci turda Slovakiya – Azərbaycan və Qazaxıstan – Belarus oyunları olacaq.