Millətlər Liqasında 2-ci turun oyunları davam edir.
A divizounun 4-cü qrupunda Belçika millisi doğma meydanda Polşa seçməsilə qarşılaşıb. Hesab 28-ci dəqiqədə açılıb. Robert Levandovski qonaqları önə keçirib. Hissənin sonlarına yaxın isə Aksel Vitsel tarazlığı bərpa edib. İkinci yarı tamamilə meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Əvvəlcə Kevin de Brüyne fərqlənib. Daha sonra Leandro Trossard 7 dəqiqəyə dubl edərək komandasının üstünlüyünü 3 topa çatdırıb. Oyunun sonlarında Leander Dendonker və Lyui Opendanın qolları ilə Belçika yığması 6:1 hesablı qələbə qazanıb.
Qrupun digər oyununda isə Uels seçməsi Niderland millisini qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsilə yekunlaşıb. Görüşdə ilk qolu Niderland millisinin heyətində Tyon Kopmeyners vurub. Oyuna əlavə olunmuş 2-ci dəqiqədə Ris Norrinqton Deyvis tarazlığı bərpa etsə də 2 dəqiqə sonra Vaut Verqxost Niderland seçməsinin qələbə qolunu vurub. Bu hesablardan sonra Niderland seçməsi maksimum nəticəylə 4-cü qrupa başçılıq edir. Belçika və Polşa milliləri 3 xalla 2-ci, 3-cü yerləri bölüşürlər. Xal toplaya bilməyən Uels yığması isə autsayderdir.