Rafael Nadalın “Rolan Qarros” turnirində 14-cü dəfə qalib gəlməsindən sonra bəzi idmançılar ispaniyalı raketka ustası haqqında sərt fikirlər səsləndirib. Daha doğrusu, Nadalın turnirin finalından sonra ağrıkəsicilər sayəsində qalib gəldiyini söyləməsindən sonra ona qarşı təzyiqlər artıb. “Tur de Frans” velosiped yarışının qalibi Tibo Pino sosial şəbəkə vasitəsilə Rafaelin görüntüsünü paylaşaraq kinayəli şəkildə “dövrümüzün qəhrəmanları” yazısı ilə yadda qalıb. Ona biatlon üzrə ikiqat dünya çempionu Emilyen Jaklen də dəstək verib:  “Dopinq məsələsində idmançılara qarşı ikili standartlar tətbiq olunur. Məsələn, biatlonda izləmə yarışında ağrıkəsicilər qadağan olunub. Zədələnirsənsə, sənə heç bir tibbi müdaxilə edilmir və nəticədə yarışdan kənarlaşırsan. Nadalda isə əksinədir. Şəxsən mən bu məsələdə Tibo Pino ilə həmfikirəm”. 

Təzyiqləri cavabsız qoymaq istəməyən Nadal mətbuata açıqlama vermək məcburiyyətində qalıb: “Bu deyilənlərə əhəmiyyət vermək istəməzdim. Bircə onu demək istəyirəm ki, mübarizə aparmaq istəyən bütün elit idmançılar ağrıkəsicilərdən istifadə edir. Bütün bunları isə təbii qarşılamaq lazımdır” - deyə ispaniyalı raketka ustası bildirib. ATP reytinqində 5-ci pillədə qərarlaşan yunanıstanlı Stefanos ÇiÇipas da Nadala dəstək verərək özünün də ağrıkəsicilərdən istifadə edərək müyyən oyunlarda qalib gəldiyini söyləyib.