UEFA Millətlər liqasında 2-ci turun oyunlarına start verilib.
A liqasının 2-ci qrupunda Çexiya millisi doğma meydanda İspaniya seçməsi ilə qarşılaşıb. Hesab 4-cü dəqiqədə açılıb. Yakub Peşek meydan sahiblərini önə çıxarıb. Ilk yarının sonlarında Qavi tarazlığı bərpa edib. Bununla da Qavi İspaniya yığmasında qol vurmuş ən gənc futbolçu kimi tarixə düşüb. Daha əvvəl bu rekord Ansu Fatiyə məxsus idi. 2-ci hissədə də qarşılıqlı qol vurulub. Çexiya millisində Yan Kuxta, Pireneylilərin heyətində isə İniqo Martines fərqlənib: Çexiya-İspaniya 2-2.
Qrupun növbəti görüşü Lissabonda keçirilib. Portuqaliya seçməsi İsveçrə millisi ilə qarşılaşıb. Matç meydan sahiblərinin 4-0 hesablı qələbəsilə yekunlaşıb. Əvvəlcə Uilyam Karvalyo diqqət mərkəzinə düşüb. Hissənin ortalarında Kriştianu Ronaldu 4 dəqiqəyə 2 qol vurmaqla komandasının üstünlüyünü artırıb. Milli komandanın heyətində 117-ci dəfə qapını dəqiq nişan alan portuqaliyalı ulduz özünə məxsus rekordu yeniləyib. Qarşılaşmada yekun nəticəni Joao Kanselu müəyyənləşdirib 4:0. 2 turdan sonra Portuqaliya və Çexiya milliləri 4 xalla qrupa başçılıq edirlər. Aktivində 2 xalı olan İspaniya komandası 3-cü, hər iki matçda uduzan İsveçrə yığması isə autseydərdir. Növbəti turda Portuqaliya – Çexiya və İsveçrə - ispaniya görüşləri olacaq.